çərşənbə 17 iyun 2026 - 10:17
İran böyük ilahi hadisənin həyata keçməsi istiqamətində irəliləyir

Hövzə | Həzrət Məsumənin mübarək hərəminin xətibi bildirib ki, İmam Hüseynin (ə) intiqamının alınması həzrət İmam Zamanın (ə.f) zühuru, batil və şeytan hakimiyyətinin kökündən məhv edilməsi ilə tamamlanacaq. O vurğulayıb ki, bu gün biz həmin ilahi hadisənin həyata keçməsi yolunda hərəkət edirik.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədməhədi Mirbaqiri Məhərrəm ayının ikinci gecəsində əzrət Məsumənin (s.ə) müqəddəs hərəminin əzadarlıq mərasimində çıxış edərək “Nəbə” surəsinə toxunub və bildirib ki, uca Allah bu surədə insanların bir-birindən soruşduğu və barəsində ixtilaf etdiyi böyük bir xəbərdən bəhs edir. O qeyd edib ki, etibarlı şiə rəvayətlərində bu böyük xəbər Əmirəl-möminin İmam Əliyə (ə), xüsusilə də həzrət Məhdiyə (ə.f) aid edilib.

O əlavə edib ki, bəzi rəvayətlərdə “Nəbəyi-Əzim”in Əmirəl-möminin İmam Əli (ə) olduğu bildirilir, digər rəvayətlərdə isə bu böyük xəbər həzrət Məhdinin (ə.f) zühuru kimi təfsir olunur. Mirbaqirinin sözlərinə görə, bu hadisə o qədər böyükdür ki, hətta yəqin əhli belə onunla bağlı şəkk və tərəddüdə düşə bilər. Rəvayətlərdə qeyd olunur ki, həzrət Məhdinin (ə.f) qeybəti və zühuru yəqin əhlini belə sınağa çəkəcək qədər əzəmətli bir hadisədir.

Həzrət Məsumənin (s.ə) mübarək hərəminin xətibi bildirib ki, uca Allah yaradılış sistemini bu böyük xəbərin mərkəzində qurub. O qeyd edib ki, surənin davamında yerin və göylərin yaradılışı, dağlar, gecə-gündüz, yuxu və rahatlıq haqqında danışılır və buyurulur: “Məgər yeri sizin üçün beşik etmədikmi? Dağları yerin sabitliyi üçün mıxlar kimi yaratmadıqmı? Sizi cüt-cüt yaratmadıqmı? Yuxunu sizin üçün rahatlıq vasitəsi etmədikmi?” Onun sözlərinə görə, kainatdakı bütün bu nizam həmin böyük xəbərlə uyğunluq təşkil edir. Bu aləm xüsusi bir məqsəd üçün yaradılıb və “Yəvmul-Fəsl”ə – ayrılıq gününə doğru hərəkət edir.

Ekspertlər Məclisinin Rəyasət heyətinin üzvü “Nəbə” surəsinin ayrılıq günündən bəhs edən ayələrinə istinad edərək vurğulayıb ki, elə bir gün gələcək ki, sıralar bir-birindən ayrılacaq, təqvalılarla azğınlar bir-birindən seçiləcək. O qeyd edib ki, rəvayətlərdə “Yəvmul-Fəsl” həzrət Məhdinin (ə.f) zühur günü və haqqın batildən ayrıldığı gün kimi təfsir olunur. Həmin gün möminlər kafir və münafiqlərdən ayrılacaq, artıq batilin haqqa çatmaq imkanı olmayacaq. İman əhli öz mükafatına, küfr və azğınlıq əhli isə öz cəzasına qovuşacaq.

Qum Elmi hövzəsinin müəllimi həzrət Zeynəbin (s.ə) İbn Ziyada verdiyi cavaba da toxunaraq deyib ki, o həzrət ən ağır müsibət anında belə Allahın işində yalnız gözəllik gördüyünü bəyan etmişdi. Həzrət Zeynəb (s.ə) buyurmuşdu ki, onlar şəhadət əhdi bağlamışdılar və öz vəd olunmuş məqamlarına yetişdilər. Mirbaqiri vurğulayıb ki, bu ilahi proqram Aşura ilə sona çatan kiçik bir hadisə deyil. İmam Hüseynin (ə) intiqamının alınması həzrət İmam Zamanın (ə.f) zühuru, batil və şeytan hakimiyyətinin kökündən məhv edilməsi ilə tamamlanacaq.

Ekspertlər Məclisinin Rəyasət heyətinin üzvü əlavə edib ki, şeytan altı min illik ibadətinin və bütün qüdrətinin köməyi ilə bu böyük xəbərin qarşısında dayanıb. Lakin ilahi vədə əsasən, onun kökü tamamilə kəsiləcək.

Həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi bildirib ki, bu dünyada peyğəmbərlərin düşmənlərinə ilahi proqramın qarşısında danışmaq və hay-küy salmaq üçün möhlət verilib. Quran buyurur ki, hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər təyin olunub və onlar bir-birlərinə aldadıcı, zahirən cazibədar sözlər təlqin edirlər. Ancaq “Yəvmul-Fəsl”də, yəni hökm və mühakimə günündə Allahın izni olmadan heç kəs danışa bilməyəcək. Həmin gün Ruh və mələklər sıra ilə dayanacaq, yalnız Rəhman Allahın icazə verdiyi və doğru söz söyləyən şəxslər danışacaqlar.

Höccətül-İslam vəl-müslimin Mirbaqiri “Nəbə” surəsinin kafirlərin həmin gün peşmançılıq çəkəcəyini bildirən ayələrinə işarə edərək deyib ki, onlar o gün: “Kaş torpaq olaydım və heç yaradılmayaydım”, – deyə arzu edəcəklər. Lakin bu böyük xəbərə iman gətirən və onun yolunda hərəkət edən möminlər böyük ilahi mükafata nail olacaqlar.

O, qeyd edib ki, İmam Hüseyn (ə) Aşura gecəsində bu ayələri tilavət edirdi. Höccətül-İslam vəl-müslimin Mirbaqiri vurğulayıb ki, ilahi proqramın əzəmətini dərk edən insan heç vaxt məğlubiyyət hissi keçirməz. Kərbəla əsirlərinin karvanı ən ağır şəraitdə belə bir an olsun zəiflik hiss etmədi, çünki onlar bu böyük ilahi proqramı görürdülər. Bu gün də müsəlmanlar həmin ilahi proqramın yolunda hərəkət edirlər.

Qum Elmi hövzəsinin müəllimi bildirib ki, düşmən şəhid Ayətullah Seyid Əli Xameneinin (ə) şəhadəti ilə özünü qalib hesab edib, lakin ilahi proqram davam edir. O vurğulayıb ki, Allahın qəti vədi budur ki, O, öz peyğəmbərlərinə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin ayağa qalxacağı gündə yardım edəcək. Höccətül-İslam vəl-müslimin Mirbaqiri əlavə edib ki, bu yolda səbir, bəsirət və müqavimət göstərmək lazımdır. Çünki Allah səbir edənlərlədir və qələbə vədi qətidir.

Xəbərin sonu / 313

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha